2019-01-25 11:57

DİM sədri: Dövlət qulluğu sahəsinin inkişafı təhsil sistemi ilə bağlıdır

Hazırkı Tvinninq layihəsi hər hansı texniki yardımın göstərilməsini nəzərdə tutmayıb.

LiderXeber.com-un məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Tvinninq layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, layihə çərçivəsində bir çox praktiki nəticələr əldə edilib:

"Bu layihə çərçivəsində treninqlərin keçirilməsi, tövsiyələrin hazırlanması nəzərdə tutulub. Bütün bu işlər dövlət qulluğu sahəsində hər hansı islahatları aparmaq üçün lazımi mühitin formalaşması, insan kapitalının inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Ona görə ki, insanlarda müvafiq bilik, bacarıq və kompetensiyalar olmasa, heç bir texniki yardımın əməli nəticəsi olmaz.

Dövlət İmtahan Mərkəzi, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən bir təşkilat kimi, təkcə inzibati alətlərdən deyil, dünyada insan resurslarının idarə olunması sahəsində əldə olunmuş bütün innovativ nailiyyətlərdən, eləcə də, Mərkəzin qiymətləndirmə sahəsində malik olduğu və elmi əsaslara söykənən zəngin təcrübəsindən istifadə etmək niyyətindədir”.

Məleykə Abbaszadə qeyd edib ki, təsadüfi deyil ki, Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyasının ölkəmizdə DİM-in təşkilatçılığı ilə keçiriləcək illik 45-ci konfransının adı belə müəyyən edilib:

"Qiymətləndirmə və qərar qəbuletmə - fərdi və institusional həllər”. Bu iki amil – qiymətləndirmə və qərar qəbuletmə - dövlət qulluğu sahəsində çalışan insanlar üçün daha böyük məna kəsb edir, ona görə ki, əgər hansısa özəl sahədə çalışan işçinin verdiyi qərar həmin şirkətin çalışdığı sahəyə şamil olunursa, dövlət qulluqçusunun qəbul etdiyi qərar bütün ölkəyə tirajlanır və onun verdiyi səhv qərarın nəticələri miqyas və əhatə baxımından digər insanların qərarı ilə müqayisəolunmazdır. Bunu hər bir dövlət qulluqçusu aydın şəkildə anlamalıdır”.       

"Dövlət qulluğu vəzifələrinə seçim prosesində obyektiv qiymətləndirmənin aparılması özünün birbaşa təyinatından daha geniş kontekstdə dəyərləndirilməlidir. Bu proses ali təhsilin müxtəlif səviyyələrində tətbiq olunan mərkəzləşdirilmiş qəbul sistemini məntiqi cəhətdən tamamlayır və davamlı öyrənmənin, sağlam rəqabət qabiliyyətinin həyatda irəliləmənin əsas meyarı olması barədə cəmiyyətdə fikir formalaşdırır.

Dövlət qulluğu sahəsinin inkişaf etdirilməsi birbaşa təhsil sistemi ilə bağlıdır. Bu sahədə biz təkcə dövlət qurumları ilə deyil, ali təhsil ocaqları ilə də sıx əlaqələr qurmalıyıq. Ali təhsil müəssisələrimizdə təhsil əmək bazarının tələblərinə uyğun şəkildə təşkil olunmalıdır”.
SON XƏBƏRLƏR


Çox oxunan xəbərlər
Yuxarı